• Facebook
  • LinkedIn Social Icon
  • Twitter
  • whatsapp (6)

Diqqət çəkən aksessuarlar haqqınızda nə deyir?

Updated: Apr 27, 2019


İsteroid xarakter növü

Önəmli özəllikləri, demonstrativlik, diqqət mərkəzində olmağa meyl.

Əsas hərəkətverici qüvvə. İsteroid xarakter növü insanda diqqət mərkəzində olmağa meyl formalaşdırır. Ətrafdakıların diqqətinə olan aclıq xarakterin əsas hərəkətverici qüvvəsidir. Əgər bir Epileptoid etdiyi işin dəyərləndirilməsini istəyirsə, İsteroid etmədiyi işə görə belə dəyərləndirilmək, xoş söz eşitmək və diqqət mərkəzində olmağı sevir.

İradə və diqqət. Daim yeni, fərqli peşələr, hobbilərlə məşğul olmağa meyllidir. Amma heç bir yeni fəaliyyət növü davamlı olmur, diqqət sahəsi qisa zamanda dəyişir və onlar yeni, daha fərqli istiqamətlərə yönəlirlər. Hər yerdə varlar, lakin heç bir yerdə qalıcı deyillər.


Teatrallıq. Sözügedən xarakter (BAX: Xarakter nədir?) insanın artistlik bacarıqlarının yüksək olmasında əhəmiyyət daşıyr, isteroid xarakterli insanlar asanlıqla rola girə bilirlər. Həyat onlar üçün bir səhnə, özləri bu səhnədə baş rolun ifaçısı kimidirlər, ətrafdakılar isə, öz növbəsində, izləyicidirlər. Bu səbəbdən, Bu xarakterin sahibləri özlərini nümayişkaranə şəkildə aparır və başqalarının diqqətini üzərinə çəkməyə daim can atırlar.

Xarici görünüş. Rəngarəng, parlaq, dəbli avanqard, çəkici geyim. Uniformanı sevməzlər. Başqasının əynində gördüyü, yaxud artıq dünən geyindiyi geyim artıq onun üçün dəyərini itirmiş hesab olunur. İsteroidlər geyim tərzlərini davamlı dəyişməyi sevirlər, geyimdə monotonluq onları bezdirə bilir. Geyimdə aksesuarları çox sevir. Xanımlar kosmetikadan çox istifadə edirlər. Fərqli obrazlar yaratmağı, insanları təəccübləndirməyi, geyimləri ilə diqqət çəkməyi çox sevirlər.


Yalan. Bu xarakter insanın böyük fantaziya ilə yaşayıb, öz dediklərinə bütovlükdə inana bilməsi üçün əsas rol oynayır. Xarakter sahibi olan insanın yalan danışarkən inandırıcı olmasının səbəbi, öz danışdıqlarının təlqininə məruz qalmasıdır ki, bu halda nitqi boyunca ondan tələb olunan rolu asanlıqla ifa edə bilir. Bu səbəbdən, asanlıqla başqa insanlara yalan danışmağı bacarırlar.


Konflikt. Sözügedən xarakter növü insanı konfliktə meylli edir. İsteroid xarakterli insan söz altda qalmağa çətinliklə dözür və bu səbəbdən fantaziyasından maksimum yararlanaraq bəzən hətta əsassız arqumentlərlə belə, konfliktdə qalib gələ bilirlər. Sözünü (həm pozitiv, həm neqativ) demək üçün istənilən imkanlardan istifadə edir və çox rahatlıqla qarşı tərəfi təhrik edə bilirlər.


Qurban. İsteroid xarakter növü (BAX: Xarakter nədir?) insanı mübahisədə, problemli vəziyyət və ya hadisədə özlərini qurban kimi göstərməsinə meylli edir. Şəxs səhv edibsə, o bilirəcək ki, onu səhvə kimsə təhrik edib. Hər hansı başqa şəxsi günahkar kimi hədəf ala bilmirsə belə, şəraitin onu məcbur etdiyini vurğulayacaqdır, Və ya problemin kökünü başqa obyektlərdə tapacaqdır, lakin əsla, özünün səhvini qəbul etməyəcəkdir.

Yalnız o halda öz səhvini qəbul edəcəkdir ki, bunun nəticəsində bütün diqqətləri öz üzərinə çəkmiş olsun.

Üz ifadəsi və səs tonu. Mimikası danışığı ilə tam uyğundur və dəyişkəndir, məsələn, asanlıqla və qısa zamanda kədər ifadəsi sevincə çevrilə bilir. Jestləri axıcıdır, plastikdir, əl-bilək hərəkətlərindən çox istifadə edilir, davranışında teatrallıq müşahidə olunur. Üsiyyət zamanı bəzən həddən artıq söhbətcillik sezilir. İntonasiyası melodikdir, geniş diapazona malikdir, Xarakter özəlliklərindən biri də yüksək səslə danışmağa meylli olmasıdır.


Nitq. Xarakterin özəlliklərindən biri də eqosentrizmdir. Bu, xarakterin nitqində də öz əksini tapır. Nitqləri özlərinə istiqamətlənmiş olur, “mən” əvəzliyindən çox istifadə edirlər. Lakin, qeyd olunmalıdır ki, bir insanda nitqin bu şəkildə olmasının tək səbəbi İsteroid xarakterindən qaynaqlanmır.

Qərar vermə. İsteroid xarakteri qərar qəbul edərkən daha çox impulsivdir. Uzun-uzun düşünməyə, ölçüb-biçməyə çox uza1dır və Epileptoid xarakterindən fərqli olaraq, İsteroid öz qərarını hər zaman dəyişməyə hazırdır (BAX: Qərar vermənizə təsir edən 2 təfəkkür qütbü). Əgər seçimlərdən biri ona yeni təəssürat və yeni macəralar vəd edirsə, onu seçməyə daha çox meyllidir.

Dərinlik. İsteroid xarakterli insanlar ensiklopedik biliyə sahib olur, demək olar hər şey haqqında məlumatlıdırlar, lakin bu məlumatlar dərin deyil, səthi xarakter daşıyır və daha çox özlərini qarşı tərəfə yaxşı təqdim etmək üçün istifadə olunur. Diqqət etsək, danışdığı heç bir mövzuda dərin məlumat vermədən tez-tez mövzunu başqası ilə əvəz etdiyini sezə bilərik. Bu xarakterə sahib insanlar fikrini və özlərini gözəl təqdim edə bilirlər.

Liderlik. İsteroidlər çox gözəl manipulyatorlardır, başqalarına təsir edə, onlarda maraq oyada, təhrik edə və onları idarə edə bilirlər, Xarakterin bu özəllikləri ətrafdakılarda bu insanlara qarşı bəzən hətta lider təəssüratı da oyada bilir. Lakin Paranoyaldan fərqli olaraq, İsteroid xarakterinin (BAX: Xarakter nədir?) bu məqamdakı zəif cəhəti davamlılıqdan uzaq olmasıdır. Odur ki, istənilən manipulyasiya və liderlik xarizması qısamüddətli olur. İnsanları yalnız ani, impulsiv və qısamüddətli addımlara təşfiq edə bilirlər. Lakin hətta xarakterin bu zəifliyi belə intellektin yüksək olması ilə konpensasiya oluna bilir.

Xatırladım ki, bu xarakter növü bir insanı bütövlükdə özündə əks etdirə bilmir. Bu insan davranışlarına təsir edən amillərdən yalnız birinin bir hissəsidir (BAX: İnsan davranışına necə proqnoz verilir?). Biz xarakterlərin özəlliklərini öyrənməklə, insan davranışlarının, düşüncə tərzinin səbəblərini aşkar edə, və təcrübə sayəsində bundan sonrakı davranış tərzinə yalnız ehtimal verə bilərik. Heç bir halda, insan davranışına 100/100 dəqiqliklə proqnoz vermək elmi olaraq əsaslandırılmır. Bu dəqiqliyi yalnız təcrübə sayəsində təkmilləşdirmək mümkündür. Odur ki, sizdən ricam, xarakterik özəllikləri ətrafınızdakı insanlarda oxşar hallarla asossiasiya edərək öyrəndikcə belə, həmin insanları mühakimə etməkdən qaçınmağınızdır.

Dəyərli qalın,

Məlahət Hacıyeva


Whatsapp ilə paylaşın

78 views

Sosial şəbəkələrdə izləyin:

Tel.: (+370) 608 99 294

         (+994) 55 919 37 32

E.:   ms.malahathajiyeva@gmail.com

Vilnius, Lithuania

Contact:

Follow us:

  • facebook (2)
  • linkedin (2)
  • instagram (2)
  • whatsapp (2)