• Facebook
  • LinkedIn Social Icon
  • Twitter
  • whatsapp (6)

Səliqəyə olan meyliniz haqqınızda daha nələr deyir?

Updated: Apr 27, 2019

Əgər səliqəyə ətrafınızdakı insanlardan daha çox diqqət edirsinizsə, bu, sizin xarakterinizdəki Epileptoid ünsürlərinə işarə edə bilər. Bəs Epileotoid özündə hansı psixoloji xüsusiyyətləri cəmləyir?


Epileptoid xarakter növü

Önəmli özəllikləri, sərtlik, punktuallıq və disiplinə olan meyldir.


Qaydalara riayət. Bu xüsusiyyəti açıqlayarkən qeyd etməliyik ki, bu xarakter xüsusiyyəti qoyulan istənilən qaydaya deyil, məhz şəxsin özünün də doğru hesab edib qəbul etdiyi, yaxud da, boyun əyməyə məcburiyyət hiss etdiyi qaydalara riayət edirlər. Məsələn, bir insan yol hərəkəti qaydalarına riayət etməyin vacibliyini öz-özlüyündə qəbul edirsə, bu xarakter təhrik edir ki, həmin insan o qaydanı ya heç pozmasın, ya da çox nadirən (misal üçün hamı pozduğu halda, seçilməmək üçün) pozsun.


Düşüncə tərzi. Epileptoid xarakteri düşüncə tərzi, münasibəti, öyrənmə və öyrətmə tərzi sabit xətt üzrə olub, nizam və punktuallığı özündə əks etdirir. Əgər qəbul olunan məlumat sıra, nizam üzrə deyil, xaotik şəkildə gəlirsə, bu artıq problem və gərginlik deməkdir. Odur ki, epileptoid düşüncə tərzini mənimsəmiş bir insan üçün fikirlərini çatdırdıqda hansı disiplinə uyursa, informasiya qəbulunda da qarşı tərəfdən o nizamda olması arzuolunandır.


Qavrayış. Xarakterin özəlliyi insanı əlavə məlumatdan qaçmağa meylli edir. Məsələn, o yol ilə gedərkən tanış biri ilə rastlaşarsa, bu artıq əlavə, gözlənilməyən yenilik kimi qəbul olunur və narahatlıq və stressə səbəb olur. İnformasiyanı hissə-hissə, sıra ilə, nizamlı şəkildə qəbul etmək, daha az narahatlığa səbəb olacaqdır.


Mübarizə. Xarakterin (BAX: Xarakter nədir?) bu özəlliyini daşıyan bir insan müəyyən bir addıma qərar veribsə, onun alternativlərinə yayınmayacaq şəkildə, yalnız bir variant üçün mübarizə aparacaq. Xarakteri buna təşviq edən onun yenilik və dəyişikliyə açıq olmaması, əlavə informasiyanın onda stressə səbəb olması və mövcud vəziyyətin kontrolunu itirəcəyinə olan ehtiyyat hissidir. Odur ki, bu xarakterə sahib olan birinin mübariz, inadçı olması onun təbii halıdır və buna xüsusi enerji sərf etmir.


Nitq. Epileptoid xarakteri nitqi ifadəsiz və lakonik edir, Danışıq zamanı əlavə sözlərdən istifadə etməkdən qaçınmaqla həmsöhbətində ona qarşı ünsiyyətə maraq göstərməyən, bəzənsə, acıdil biri kimi təəssürat yarada bilir.

Üz ifadəsi. Bu xarakter sahibinə sərt görkəm verib, kənardan qaşqabaqlı, qəzəbli biri kimi görünməsinə səbəb ola bilər.



Şəxsi zona. Bu xarakter xüsusiyyəti insanı onun özünə aid olan hər şeyi qorumağa meylli edir. Bu şəxsi əşyaları, ailə üzvləri, yaxın dostları, özünə aid hesab etdiyi məkan, evin bir guşəsi və s. ola bilir. Bu özəlliyi daşıyan insanlarla ünsiyyətdə onların sərhədlərinə hörmət etmək çox vacibdir, özləri imkan yaratmadıqca təkidlə özəl həyatı ilə bağlı suallar vermək, ona aid əşyaları rahatlıqla götürüb istifadə etməkdən qaçınmaq lazımdır.


Empatiya. Epileptoid xarakteri (BAX: Xarakter nədir?) insana başqalarının hisslərini qavramaqda çətinlik yarada bilir. Xarakterin təsiri altında bir insan əgər danışıq əsnasında düzgün bildiyi fikri birbaşa qarşı tərəfə deyə bilirsə, bu zaman qarşıdakı insana olan empatiya zəif olduğundan onun hisslərini nəzərə almırlar. Bu səbəbdən, xarakterin bu özəlliyini daşıyan insanlar ətrafdakılarda “kobud insan” təəssüratı yaratmış olurlar.


Bağlılıq. Epileptoid xarakteri yeniliklərə, yeni informasiyaya çətin adaptasiya olur. Odur ki, artıq qəbul olunmuş qaydalara, köhnə dostlara, var olan həyat tərzinə və s. bağlı qala, sevdiyi insanı unutmaq, vərdişlərini tərgitmək, qəbul olunmuş stereotipləri silmək kimi məsələlərin öhdəsindən gəlməkdə çətinlik yaradır. Bu isə insanı həm də sədaqətli olmağa təşviq edir.


Himayədarlıq. Bu xarakter növü kömək etməyi qərarşaldırıbsa, onu öz imayəsinə alacaqdır. Bu halda, qarşı tərəfə özünün doğru hesab etdiyi qaydaları yeritməyə, lazım və vacib bilməyə meylli edir. Eyni zamanda, köməklik etdiyi prosesi nəzarətdə saxlayaraq və gedişata önəm verir. Insanlara individual fərqləri ilə yanaşa bilmədiyindən, vahid standartları kimliyindən asılı olmayaraq hər kəsə tətbiq etməyə meyl edir.


Tamamlamaq. Bir işi yarımçıq qoya bilməmək bu xarakterin başlıca cəhətlərindəndir. Misal üçün birindən bahalı hədiyyə alan insan, o hədiyyəni özünə borc hesab edərək, uyğun zamanda təqribən eyni qiymətə hədiyyə almaqla o insana olan “borcunu” qaytarırsa, burada, əsasən, epileptoid xarakter (BAX: Xarakter nədir?) özəlliyinə işarə olunur. Bir digər halda, biri tərəfindən haqsızlığa uğradığını düşünərək, intiqama meyl edilirsə, bu da xarakterin eyni “tamamlamaq” prinsipinə əsaslanır.


Xatırladım ki, bu xarakter növü bir insanı bütövlükdə özündə əks etdirə bilmir. Bu insan davranışlarına təsir edən amillərdən yalnız birinin bir hissəsidir (BAX: İnsan davranışına necə proqnoz verilir?). Biz xarakterlərin özəlliklərini öyrənməklə, insan davranışlarının, düşüncə tərzinin səbəblərini aşkar edə, və təcrübə sayəsində bundan sonrakı davranış tərzinə yalnız ehtimal verə bilərik. Heç bir halda, insan davranışına 100/100 dəqiqliklə proqnoz vermək elmi olaraq əsaslandırılmır. Bu dəqiqliyi yalnız təcrübə sayəsində təkmilləşdirmək mümkündür. Odur ki, sizdən ricam, xarakterik özəllikləri ətrafınızdakı insanlarda oxşar hallarla asossiasiya edərək öyrəndikcə belə, həmin insanları mühakimə etməkdən qaçınmağınızdır.


Dəyərli qalın,

Məlahət Hacıyeva

233 views

Sosial şəbəkələrdə izləyin:

Tel.: (+370) 608 99 294

         (+994) 55 919 37 32

E.:   ms.malahathajiyeva@gmail.com

Vilnius, Lithuania

Contact:

Follow us:

  • facebook (2)
  • linkedin (2)
  • instagram (2)
  • whatsapp (2)