• Facebook
  • LinkedIn Social Icon
  • Twitter
  • whatsapp (6)

Nədən başlayım? Mənə istiqamət verin!

Şəxsi inkişafına diqqət və enerji ayırmaq istəyən gənclər əksər hallarda onlara istiqamət, yaxud məsləhət verə biləcək birilərini axtarır, ilk addım üçün dəstək gözləyirlər. Heç də demək olmaz ki, bu cəhdlər həmişə uğurlu alınır. Çünki ölkəmizdə sahəsi üzrə həqiqi peşəkarlar barmaqla sayılacaq qədər azdır və yanlış insana rast gəlmə ehtimalı yüksəkdir. Bununla belə bir gəncin bu suala cavab tapması zəruridir: Nədən başlayım?


Bu yazıda təkbaşına addımlamağa başlamaq üçün gənclərlə çalışmalarımız üzərindən təcrübə etdiyim və bilməyiniz zəruri olan beş bəndi paylaşıram:


1. Fəaliyyətdə olun. Zamanınız boşa keçirsə, işləyin. arzu etdiyiniz işə qəbul ola bilmirsinizsə, bir neçə aylıq könüllü fəaliyyət təklif edin (onu da qeyd edim ki, könüllülük işə qəbul üçün CV-dən daha effektivdir). Özünüzü sadəcə təkbaşına zaman ayırıb düşünməklə deyil, eyni zamanda fəaliyyət boyunca kəşf edəcəksiniz, müxtəlif situasiyalarda necə davrandığınızı, hadisələrə olan reaksiyalarınızı sınamış olacaqsınız.


2. Özünüzü şəxs olaraq öyrənin. Özünüzü tanımağa, davranış və hisslərinizi, ətrafa olan münasibətinizi analiz etməyi, özünüzü şəxs olaraq öyrənməyi vərdiş halına çevirin. Bu sizə bütün şəxsi inkişafınız boyu ən vacib mayak rolunu oynayacaqdır. Bunun üçün hər həftə özünüzə bir neçə saat belə olsa vaxt ayırın, bu vaxtı təkbaşına keçirin və diqqətinizi yalnızca öz “daxili səsinizə” yönəldin. Özünüzü dinləməyi, duymağı və tanımağı vərdiş edin.

3. Nə istədiyinizi bəlli edin. Başa düşüləndir ki, bu heç də bir günə, bir aya, hətta bəlkə bir neçə ilə cavabı tapılan sual deyildir. Lakin məhz indi başlamanız vacibdir. Məsələn, daha çox pul qazanmaq istəyirsiniz. O zaman o məbləğdə gəliri artıq qazandığınızı təsəvvür edin və düşünməyə davam edin: — İndi nə çatmır ki, xoşbəxt hiss edəsiniz? Həyatda nə istədiyinizi bilmək üçün heç də hər şeyin dadına baxmaq zəruri deyildir, xəyal qurmağı, təsəvvür etməyi vərdiş etdikcə, ani istəklərinizin arxasında yatan əsl arzularınızı aşkar etmək mümkündür. Bu, həm də sizə hədəflərinizi müəyyən etmək üçün vacibdir.

4. Zehninizi işlək vəziyyətdə saxlayın. Kitablar yalnız məlumat almaq üçün deyil, zehin, təfəkkür və yaradıcılığınızı inkişaf etdirmək üçün, dünyagörüşünüzü və hətta bilgiyə sahib olduğunuz məsələləri daha dərindən dərk etmək üçün vacibdir. Istənilən qədər bilgiyə sahib olsanız belə passiv, düşünməyən, işlək halda olmayan bir beyinlə çox uzağa gedə bilməyəcəksiniz.

5. Disiplini həyat tərzinə çevirməyə başlayın. Universitetə hazırlıqlara başlayan çox sayda şagird məktəbə getməklə boş zaman sərf etdiyindən şikayətlənir. Bununla belə, hər səhər məktəbə gedən bir şagirdin öyrənmə məhsuldarlığı, “vaxta və enerjiyə qənaət” məqsədilə məktəbi ihmal edənlərdən daha yüksək olur. Çünki hər səhər məktəbə getmək özü artıq bir disiplinə təhkim olmaq deməkdir və bu insanı fəaliyyətində daha məhsuldar olmağa təhrik edir.


Bu qeyd olunanlar birdəfəyə icra olunan addımlar deyil. Bütün bunlar sizin həyat tərzinizin bir parçasına çevrilməlidir. Bilin ki, hətta sizə ilk baxışda utopik görünən arzuları belə həyata keçirmək mümkündür. Vacibdir ki, şəxsi keyfiyyətlərinizi lehinizə işlətməyi bacarasınız. Sizə uğurlar və gözəl nəticələr arzu edirəm!

Müəllif: Məlahət Hacıyeva

Foto: Noah Carvalho


43 views

Sosial şəbəkələrdə izləyin:

Tel.: (+370) 608 99 294

         (+994) 55 919 37 32

E.:   ms.malahathajiyeva@gmail.com

Vilnius, Lithuania

Contact:

Follow us:

  • facebook (2)
  • linkedin (2)
  • instagram (2)
  • whatsapp (2)