• Facebook
  • LinkedIn Social Icon
  • Twitter
  • whatsapp (6)

Başqa dünyanın insanları (1-ci hissə)

Sizlərə növbəti xarakter növü haqqında bəhs edirəm. Bu xarakterin əsas göstəriciləri aid olduğu cəmiyyətdən seçilməsidir. Eyni zamanda, yaradıcılıq, standartları aşmaq, axına qarşı düşünmək və kəskin seçilən fərqli görkəm xarakterin daşıyıcılarına qarşı "Başqa dünyanın insanları" münasibətinə gətirib çıxarır. Bəhs etdiyimiz xarakter tipi Şizoid adlanır, aşağıda onun başlıca özəlliklərini açıqlayacayıq.

Şizoid xarakter növü


Səliqəsiz səliqə. Şizoid xarakterli insanların özünəməxsus nizamı olur, onların otaqlarını, ətrafını və s. səliqəyə salmağa enerjiləri kifayət etmir. Bu səbəbdən, Şizoidlər dağınıq olurlar. Lakin bu dağınıqlıq yalnız kənardakılara bu şəkildə görünür, Şizoid isə bu dağınıqlıqda belə müəyyən nizam, qanunauyğunluq görə bilir. O, dağınıq masasının üzərindəki hər bir əşyanın yerini gözəl bilir, onu xüsusi bir enerji sərf etmədən tapa bilir. Və kimsə onun masasını ondan xəbərsiz yığışdırdıqda, bu zaman artıq hər şey onun üçün qarışır, nəticədə o nəyi harada axtaracağını bilmir.


Nitq. Verdiyiniz hər suala sual ilə qarşılıq ala bilərsiniz. Bu xüsusiyyət xarakterin əsas özəlliklərindəndir. Verdiyi hər sual isə “sualı hansı mənada veirsən?”, “nəyi nəzərdə tutursan?” xarakteri daşıyır. İfadə etdyi cümlələr çox zaman tamamlanmır, yarımçıq qalır və cümlənin ortasından başqa cümləyə keçə bilir. Əlavə etmək istərdim ki, şizoid xarakterini mənimsəmiş insanlar fikir ifadə edərkən üz ifadələri danışığının məğzi ilə uzlaşmaya bilir. Bu da öz növbəsində, dinləyicilərinə həm də onu emosional cəhətdən anlamasında çətinlik yaradır.


Hamı yatmış, Şizoid oyaq. Bu xarakter tipi adətən energetik olmayan temperament növləri ilə uzlaşır, lakin istisnalar həmişə vardır. Şizoid xarakterli insanların (BAX: Xarakter nədir?) daha aktiv fəaliyyət dövrü axşam başlayır. Onlar gündüzlər yuxulu və yorğun olurlar, gecələri isə kitab oxuyur, yazı yazır,araşdırır və tədqiq edirlər.


Arxiv. Zəif enerji səbəbindən sözügedən xarakter tipi arxiv toplamağa meyllidir. Yeni olan hər şey köhnənin üzərinə yığılır. Bu insanlar köhnə əşyaları atmağı sevmir, “bəlkə lazım olar” fikri ilə “arxivləyirlər”..


Jest və hərəkətləri. Şizoid xarakterinin hərəkətləri, əsasən, yöndəmsizdir, hərəkət edərkən nəyisə sındırma, dağıtma, düz yolla gedərkən biri ilə toqquşma ehtimalı digər xarakterlərlə müqayisədə çoxdur. Hətta ünsiyyət zamanı belə, jestləri və üz ifadəsi ifadə etdiyi nitqi müşayiət etməyərək, konseptlə, keçirdiyi hisslər və mövzuya olan münasibəti ilə tamam fərqli emosiyalar ifadə edə bilir.

Təfəkkür Şizoid xarakteri “bəşəriyyətin düşünən beyni”, ideya mühərrikidir. Əgər, İsteroid xarakterinin davranışlarını çərçivələmək qeyri-mümkündürsə, Şizoidin təfəkkürünü, düşüncələrini heç bir çərçivə və standartlara sığdırmaq mümkün olmayacaqdır. Bu xarakter qeyri-adi, standartdan kənar düşünür. Həmişə aid olduğu cəmiyyətin üzvlərindən fərqlənir, axına qarşı düşünür. Fikirləri mücərrəddir, rəngarəngdir, fərqlidir, bu xarakterli insanlar kreativ, yaradıcıdırlar. Heç kimin həll yolu görmədiyi anda bir şizoid təfəkkürünün ideya və həll üsulları dönüş nöqtəsi rolunu ala bilər.


Yaradıcılıq. Şizoidin yaradıcılığının əsasında paradoksallıq (ziddiyyət) durur. Qarşılaşdığı hər arqumentə qarşı anındaca əks arqument ortaya çıxarır. Şizoid xarakterinin hər oxuduğu, eşitdiyi və ya gördüklərinə qarşı zehnində yaranan yanaşmanı “niyə də yox?”, “bəs əksinə olarsa?” kimi suallarla ifadə edə bilərik. Məhz bu tənqidi yanaşmadır ki, xarakterə sahib olan insanları yaradıcılığa təhrik edir.


İnsanlarla münasibət. Şizoid xarakteri onun daşıyıcısı olan şəxsə ətrafındakı insanlarla münasibət qurmağı çətinləşdirə bilir. Bu həm də nitqlə bağlıdır. Onların fikirləri fərqlidir, qarşı tərəf üçün qeyri-normal və ya standartdan kənar olduğu üçün digər insanlar Şizoidi anlamaya bilirlər. Şizoidlərə fikrini və hisslərini qarşı tərəfə ifadə etmək, yaxud qarşı tərəfə çatdırmaq çətindir və qarşı tərəfə də onu anlamaq çətindir. Bu səbəb insanlarla münasibətdəki ən əsas baryer rolunu ala bilir. Lakin unutmamalıyıq ki, heç bir baryer aşılmayacaq qədər deyildir.

Xatırladım ki, bu xarakter növü bir insanı bütövlükdə özündə əks etdirə bilmir. Bu insan davranışlarına təsir edən amillərdən yalnız birinin bir hissəsidir (BAX: İnsan davranışına necə proqnoz verilir?). Biz xarakterlərin özəlliklərini öyrənməklə, insan davranışlarının, düşüncə tərzinin səbəblərini aşkar edə, və təcrübə sayəsində bundan sonrakı davranış tərzinə yalnız ehtimal verə bilərik. Heç bir halda, insan davranışına 100/100 dəqiqliklə proqnoz vermək elmi olaraq əsaslandırılmır. Bu dəqiqliyi yalnız təcrübə sayəsində təkmilləşdirmək mümkündür. Odur ki, sizdən ricam, xarakterik özəllikləri ətrafınızdakı insanlarda oxşar hallarla asossiasiya edərək öyrəndikcə belə, həmin insanları mühakimə etməkdən qaçınmağınızdır.

Whatsapp ilə paylaşın

51 views

Sosial şəbəkələrdə izləyin:

Tel.: (+370) 608 99 294

         (+994) 55 919 37 32

E.:   ms.malahathajiyeva@gmail.com

Vilnius, Lithuania

Contact:

Follow us:

  • facebook (2)
  • linkedin (2)
  • instagram (2)
  • whatsapp (2)