• Facebook
  • LinkedIn Social Icon
  • Twitter
  • whatsapp (6)

Təşkilatlarda toplum psixologiyası necə işləyir?

Günümüzdə kiçik-böyük bir çox təşkilatlarda iqnor olunan bir elm var — Psixologiya. İnsan təbiətini bilmədən, əsasında insan faktoru duran heç bir təşkilat doğru idarə olunmadığı kimi, ayaqda da uzun zaman qala bilmir. Miqyasından asılı olmadan, bir çox təşkilatlarda inanılan miflərdən biri də hər hansı məqsədə kütləvi şəkildə nail olmaqdır. Bir başqa sözlə desək, təşkilatın üzvləri/əməkdaşları/fərdləri/və s. (bundan sonra şərti olaraq, “üzvləri”) toplum şəklində təşəbbüs edərək arzuolunana nail olacağına inanır, çox zaman isə yanılırlar. Niyə “hər zaman” deyil də, “çox zaman”, deyə soruşsaq, cavablaya bilərik ki, toplum psixologiyası və ümumiyyətlə insan psixologiyasında yetərli bilgiyə malik olan təşəbbüskar tərəf, bu bilgini düzgün tətbiq etdiyi halda arzuolunan hədəfə nail ola bilir.


Bu yazıda, təşkilatların idarə olunmasında toplum psixologiyasına dair bilinməli olan 6 zəruri məqamı diqqətinizə çatdırmaq niyyətindəyəm.


İlk öncə, bu məqalədə “toplum” adı altında bəhs edəcəyimiz anlayış və bənzər mənalı sözlərin izahlı lüğətdəki açıqlamasına diqqət edək:

  • Toplum — cəmiyyət; toplumsal – ictimai cəmiyyət;

  • Kütlə — Əhalinin, xalqın böyük bir topluluğu; camaat;

  • Heyət — Hər hansı bir təşkilatın, kollektivin tərkibini təşkil edən adamlar toplusu; tərkib;

  • Kollektiv — Ümumi məqsəd, yaxud birgə işləmək üçün birləşmiş adamlar toplusu;

  • Personal — Hər hansı bir idarənin, müəssisənin şəxsi heyəti; bir peşə qrupuna daxil olan işçilər. Tibb personalı;

  • Cəmiyyət — Konkret tariximaddi həyat şəraiti ümumiliyi əsasında birləşmiş insan toplusu;

  • İctimaiyyət — Cəmiyyətin qabaqcıl dairələri, qabaqcıl hissəsi. Elmi ictimaiyyət. İctimaiyyətin fikri. // Ümumiyyətlə, cəmiyyət;

  • Xalq — Ölkənin, dövlətin sakinləri, əhalisi.


Belə başlayaq ki, toplum heç zaman etibarlı tərəf mövqeyində qiymətləndirilə bilməz. Onu hər hansı bir təşəbbüsdə və ya hər hansı bir iqnorda qınamaq əbəsdir və ya bəhanədir. Belə ki:


1. Topluma, "sizə arxalanmışdım" deyə məyusluq ifadə etmək sadəlövhlük, bilgisizlik və ya imitasiya kimi qiymətləndirilir. Bu şəkildə olan müraciət bir neçə məqsəd və ya səbəb daşıya bilər: tərəf öz məğlubiyyətinin məsuliyyətini üzərindən atır; tərəf toplumda günahkarlıq hissinə toxunaraq, növbəti emosional aclıq yaratmağa çalışır; tərəf toplum psixologiyasından xəbərsizdir; və s.


2. Toplum, fərdi iradələrin birləşməsi deyildir. Toplu halında olarkən, fərdi iradə anlayışı itir. Əgər ortaya bəlli bir iradə qoyulacaqsa, buna nail olmaq kütləvi/toplum halında deyil, təşkilatlanmış halda mümkündür.


İradə — İnsan psixikasının, insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq, arzu və istəklərini həyata keçirmək qabiliyyətində təzahür edən xüsusiyyətlərindən biri. // Bir şeyi əldə etmək üçün göstərilən səy, cəhd, qeyrət, inad.

3. Bir toplumla rasional ünsiyyət əsasında toplum təşəbbüsünə nail ola bilmərsiniz (Rasional —Ağıl və məntiqə əsaslanan; ağıllı, məqsədəuyğun, məqsədəmüvafiq). Toplumun təşəbbüsü emosiyalara əsaslanır və ona edilən xitab, onunla ünsiyyət də emosional xarakter daşımalıdır.



4. "Yoldaşlar", "dəyərli filankəslər", "ay camaat" və s. ifadələrlə ilə müraciət nitqi fərdi iradələrə toxunmadığı kimi, fərdi təşəbbüsə də təhrik etmir (lakin emosiyalara toxuna bilir). Burada fərdi təşəbbüs, misal üçün, hər hansı bir hadisə ilə bağlı şikayət ərizəsinin yazılması ola bilər. “Yoldaşlar, şikayət ərizəsi yazmalısınız” demək, hələ təşəbbüsə nail olmaq demək deyil.


5. Toplumu hərəkətə təhrik edən, əsasən, emosional aclıqdır. Bir toplum emosional aclıq yaşadığı halda tələbkar və dağıdıcı mövqe alır. Emosional aclıq maddi rifahın azalması, hər hansı bir toplum mənəvi dəyərinə toxunmaq, təhlükəsizliyin təmin olunmaması və çox digər faktorların təsiri ilə yarana bilir. Həmin o emosional aclıq doyurulduğunda, toplum heç bir iradəli tələb irəli sürməyəcək və o nəhəng toplum qüvvəsindən də geriyə heç nə qalmayacaqdır.


6. Toplum hər hansı bir hədəfə "özbaşına" çata bilməz. Emosional aclıq halında müəyyən hərəkətə keçə bilər. Lakin bu hərəkəti həmin o emosiyalara əsaslanaraq, bəlli bir istiqamətə yonəldən tərəf (lider) və ya tərəflər olmalıdır. Yoxsa da emosiyalar "tatmin" (türkcə) olunar-olunmaz bu hərəkət sonlanacaqdır.


Sonda bir daha qeyd edim ki, bir təşkilatın idarə olunmasında onun üzvləri toplum formasında heç bir iradi tərəf mövqeyində çıxış edə bilmir. Toplumu güclü edən onun iradəsi deyil, həcmindən qaynaqlanan dağıdıcı qüvvəsidir. Təşkilat, miqyasından asılı olaraq şəxsi və ya təşkilati maraqların (və ya iradələrin) qarşılıqlı əlaqəsinə əsaslanır. Bu əlaqə, rəqabət, dostluq və ya əməkdaşlıq kimi fərqli şəkil daşıya bilir. Toplum faktoru isə, bu məqamda, adətən, qarşı tərəfə təzyiq xarakteri daşıyır.


Dəyərli qalın,

Məlahət Hacıyeva.

Sosial şəbəkələrdə izləyin:

Tel.: (+370) 608 99 294

         (+994) 55 919 37 32

E.:   ms.malahathajiyeva@gmail.com

Vilnius, Lithuania

Contact:

Follow us:

  • facebook (2)
  • linkedin (2)
  • instagram (2)
  • whatsapp (2)