• Məlahət Hacıyeva

Hotorn Effekti nədir?

BDM və İDM arasındakı mərhələdə Peşə və Təşkilat psixologiyası hələ də inkişaf etməkdə idi. Bir çox şirkətlər insan resursları şöbələri yaradır, və artıq bir sıra universitet və kolleclər Peşə və Təşkilat psixologiyası üzrə tədris proqramları təklif edir, reklam, işçi heyətin seçimi, işçilərin təlimi kimi istiqamətlərdə çoxsaylı araşdırmalar aparılırdı. Bununla belə Peşə və Təşkilat psixologiyasının əsas diqqəti testlərə yönəlmişdi. Bu test, sınaqlar laboratoriya, hərbidən daha çox elə iş yerlərində tədbiq olunurdu. 1924-cü ildə bu eksperimentlərdən ən nəzərəçarpanı Çikaqo yaxınlığındakı Hotorn (Hawthorne) şəhərində bir elektrik şirkətində həyata keçirildi.

Bu eksperimentdə Harvard Universitetindən olan araşdırmaçılar elektrik təchizatlarının yığıldığı fərqli otaqları müxtəlif dərəcəli işıqlandırma ilə təmin edirlər. Bəzi otaqlarda işıqlandırma güclü olduğu halda, digərlərində boğuq və zəif idi. Eksperimentin məqsədi işıqlandırılma ilə işçi çalışqanlığının məhsuldarlığı arasındakı əlaqəni müəyyən etmək idi. Nəticələr isə heyrətləndirirdi.


Belə ki, tədqiqatçılar aşkar etdilər ki, məhsuldarlıq heç də otaqların işıqlandırılması ilə əlaqəli deyildi. Məhsuldarlıq həm işıqlı aydın, həm də zəif işıqlı otaqlarda eyni dərəcədə yüksək idi. Sadəcə olaraq, işçilər eksperimentdə sınanılan olduqlarını və müşahidə edildiklərini bildikləri üçün daha çalışqan olmağa can atırdılar. Bu, hadisə Peşə və Təşkilat psixologiyasında Hotorn effekti kimi tanınır. Bu həm də o deməkdir ki, işçi heyətinin məhsuldar nəticələri üçün texniki şəraitdən çox daha önəmli olan məhz sosial-psixoloji iqlim şərtləridir.

© 2020 by Malahat Hajiyeva.