• Məlahət Hacıyeva

Sertifikatlarda diqqət edilməli 4 məqam

Divardakı çoxsaylı sertifikatlar nəyin göstəricisidir?


Nadir hal deyildir ki, psixoloq və ya hər hansı başqa peşəkara müraciət edərkən, onun ofisinin divarında çox sayda sertifikata rast gəlirsiniz. Bəs bu sertifikatlar məhz nəyin göstəricisidir? Onların çoxluğu mütəxəssislik dərəcəsini nə dərəcədə müəyyən edir? Sertifikatlara əsasən, peşəkarın mütəxəssislik dərəcəsini necə müəyyən etmək olar? Bu mövzuya toxunarkən ehtiyac bilirəm ki, ilk öncə bir daha qısa olaraq "Psixoloq / Psixiatr / Psixoterapevt" fərqinə açıqlama gətirək. Belə ki:


Psixoloqdan fərqli olaraq, psixiatrlar psixi pozuntuların müalicəsində dərman müalicəsi tətbiq etmə iqtidarındadırlar. Psixoloqlar isə bunun üçün yalnız psixoterapiya tətbiq edirlər (BAX: Klinik psixoloq profili). Psixoterapiya çox sadə dillə desək, danışıq ilə müalicə metodudur. Bununla belə, psixoterapiyanın çoxsaylı üsulları vardır. Bunlardan bir neçəsini misal göstərsək, Koqnitiv-Bihevioral Terapiya (CBT), Psixoanalitik terapiya, Ekzistensial terapiya, Geştalt terapiya, Adler terapiyası və s. kimi nümunələr göstərmək olar (Daha ətraflı). Bir psixoloqun və ya hətta psixiatrın psixoterapevt kimi fəaliyyət göstərməsi üçün, uyğun terapiya üzrə sertifikasiyasının olması vacibdir.


Sertifikasiya məqamında qeyd edilməlidir ki, sertifikatın formatı, nə üçün verilmiş olmasına diqqət edilməlidir. Bir neçə saatlıq seminar, təlim və ya konfransda sadəcə iştirak üçün verilən sertifikat peşəkarın müalicə üsuluna yiyələndiyinin əsla göstəricisi deyildir. Bu kimi sertifikat və ya akkreditasiyalar müvafiq institutlar tərəfindən, bəlli standartlar əsasında təqdim olunur. Odur ki, sertifikatın hansı qurum tərəfindən və nə üçün verildiyinə diqqət olunmalıdır. Divarda çoxsaylı sertifikat görərkən, diqqət edilməli 4 məqam vardır:


1. Sertifikat iştirak yoxsa, hər hansı bir proqramı uğurla başa vurulduğu üçün təqdim olunub? Ölkəmizdə çox misal var ki, müştərilər sertifikata həvəsli olduğundan, tədbir təşkil edənlər həm də maraq yaratmaq üçün iştirakçılara sertifikatlar tərtib edirlər. Lakin təşkilatçı qurum belə anlayır ki, o sertifikasiya və ya akkreditasiya verən qurum deyildir, bu halda ortaq yol "iştirakçı sertifikat"-ı tərtib etməkdir. Həm müştəri arzusuna çatır, həm də təşkilatçı xətadan qaçınmış olur. Odur ki, hər gördüyünüz sertifikat mütəxəssisliyin göstəricisi deyildir.


2. Sertifikat hansı proqramda, hansı mövzu üzrə olan tədbiri əhatə edir? Çox zaman olur ki, ölkəxaricində müəyyən mövzu ətrafında konfrans təşkil olunur. Peşə sahibləri bilik əldə etmək, həmfikir və kolleqaları ilə bir araya gəlmək və s. məqsədlər üçün bu konfranslara qatılırlar. Lakin bəzən də olur ki, peşə sahibləri bu addımı sadəcə peşəkar imicində müsbət rəy yaratmaq üçün atırlar. Müraciət etdiyimiz peşə sahibinin sahəsi üzrə konfranslarda iştirakı bizə nə fayda verə bilər deyə sual qoysaq, bu şəkildə cavablamaq istərdim. Əlbəttə ki, bizə faydalıdır. Çünki, bu peşəkarın sahəsinə olan aktiv marağının göstəricisi ola bilər. Lakin bununla belə, konfrans və ya bənzəri tədbirlərdə iştirak heç də hələ peşəkarın mütəxəssis olmasının birbaşa göstəricisi deyildir.


3. Sertifikatın yararlılıq müddəti nə zamana qədərdir? Bəzən olur ki, "onsuzda sertifikatı oxuyan olmayacaq" fikri ilə divarda illərlə asılı qalan sənədlər olur. Sertifikatın sayı əsla metəxəssislik dərəcəsinin göstəricisi deyildir. Yəni, "mütəxəssisdirsə, sertifikatı çox olmuş ola bilər", lakin "sertifikatı çoxdursa, mütəxəssisdir" fikri tamamilə yanlışdır.


4. Sertifikatlar çox sayda fərqli mövzular, yoxsa oxşar və yaxın mövzular üzrə əldə olunub? Bu, mütəxəssisin əsas göstəricilərindən ola bilər. Belə ki, peşəkar kəs bir sahədə mütəxəssis olmaq üçün bəlli bir və ya əlaqəli bir neçə mövzu ətrafında daha dərin bilgilər əldə etməyə çalışır. Misal üçün bütün psixoloqların psixologiyanın bütün mövzu və sahələrində mütəxəssis olması reallıqdan uzaqdır.


Yuxarıda, nəzər yetirməli olduğumuz məqamları mümkün qədər diqqətdən qaçırmadan əhatə etməyə çalışdım. İnanıram ki, daha divarlarda sertifikatlar görərkən, "mənim başım çıxmır" deyə, qaçınmaq yerinə, çox daha diqqətlə nəzər yetirib psixi və fiziki sağlamlığınızın keşiyində duracaqsınız.


0 views

© 2020 by Malahat Hajiyeva.