• Məlahət Hacıyeva

Təhsildən daha önəmli olan nədir?

Updated: Nov 21

Həmişə düşünürdüm ki, təhsil insan üçün ən önəmlisidir. Nə qədər "qulaq qanadan" (yəqin, ilk dəfə belə ifadə eşidirsiniz) səslənsə də, indi təhsildən daha priroritet məsələlərin olduğuna inanıram.


Belə bir keys üzərindən açıqlayım: bir şirkət öz işçilərinə o təhsili verə də bilər, verirmiş kimi göstərə də bilər, yarısını verib, yarısını gizlədə də bilər. Bu asılıdır, şirkətin təlim-tədis üzrə meneceri, departament rəhbəri, yaxud hər hansı digər vəzifə adı altında olan məsul şəxsi və ya komandasından. Nəzərə alsaq ki, insanların böyük əksəriyyətinin təhsil almaq motivi heç də savadlı kadr kimi yetişib təşkilatının ali amalına çatmasına faydalı olmaq deyil, bu halda təşkilatın amala çatmasını istəməyən məsuliyyət sahibi çox sayda "yararsız" işçiyə yersiz yerə gərəkli bilgiləri yükləməklə elə çox sayda savadlı, lakin təşkilatın amalına yaramayan insan resursu formalaşdıracaq. Üstəlik, həmin işçilərin bilgi nailiyyətlərini də yüksək qiymətləndirib digərlərinə nümunə göstərməklə, həmin o "yararsız" işçilərdə də yararlı olduqlarına dair özgüvən formalaşdıracaqdır. Digərlərini isə, həmin işçiləri PR edərək "bax bunlar kimi olmaq lazımdır" mesajı verməklə, yanıltmış olacaq. Nəticədə, təşkilat ali məqsədinə çatmayıb, işçilər isə "axı təşkilat (və ya onun məsul departamenti) əlindən gələn hər şeyi etdi, niyə belə oldu?" kimi suallarla düşüncələrə qərq olmağına rəğmən, cavabsız qalacaq. Heç kim günahkar çıxmayacaq, hər şey təbii hadisə imiş kimi görünəcək.


Yaxşı, indi belə qənaətə gələ bilərik ki: təhsili kimə verməyin önəmlidir, seçici olmaq lazımdır. Sual yaranır, kim seçəcək? Yenə həmin departament-dirsə, axırı eyni yerə gəlib çıxır. Bir departamentin bugünkü rəhbəri təşkilatın amalına bağlı, bacarıqlı və s. yüksək keyfiyyətlərə sahib biri ola bilər. Kim zəmanət verə bilər ki, həmin kadr gedərkən onu əvəz edəcək kadr da eyni keyfiyyətlərə sahib olacaq? Buna da cavab verə bilərsiniz ki, bəs elə o departament rəhbərlərini seçən tərəf bəlli kriteriyalar üzərindən seçir, ona görə hər şey uğurlu olacaq. Bəs seçim məhdud sayda olarsa necə? "Ya bu, ya da bu" kimi hər ikisi kriteriyalara uymayan, lakin biri digərinə nisbətən daha uyğun olan 2 və ya daha çox seçim arasında qalarsa necə? Seçən tərəfin işi seçməkdir, tapmaq yox. Bəs əgər tapan tərəf də varsa? kimi yenə yanaşmamı şübhə altına almağa meyl etsəniz, daha bir sual sizi qarşılayacaqdır: Bəs yoxdursa, kim(lər)i tapacaq? - Yetişdirəcək! kimi bir cavab duyuram.


Şirkətlər, adətən, yeni kadrı yetişdirməyə çalışır. Lakin yenə başa qayıtmırıqmı? Məsələ, yetişdirmək, təhsil vermək deyil, məhz kimi yetişdirib-təhsil verməkdir. İnsanın kimliyini, mənliyini, şəxsi dəyərlərini, ruhunu nə yetişdirə, nə yarada bilərsiniz. Bir təşkilatın uzun müddət varlığını saxlamaq istəyiriksə, özümüzü Tanrı yerinə qoyub "özüm yaradacam", "özüm nəzarət edəcəm" kimi yanaşmalarla yanılmamalıyıq. İnsan ruhunu yaratmaq, hər şeyə isə nəzarət etmək nə insanın nə də insan birliklərinin edə biləcəyi keyfiyyət deyil.


Günümüz təşkilatları daha çox bacarıq, qabiliyyət üzərindən axtarır potensial gələcək rəhbər işçilərini. Çox bacarıqlı və ya qabiliyyətli işçinin sədaqəti isə seçən tərəfin subyektiv təcrübəsinə əsaslanır. İllərlə yetişdirdiyin super-istedadlı və çox bacarıqlı kadrın bir gün elə sənin təşkilatını bir addımda məhv etməsini görəndə ya onu seçən adam şirkətdən uzaqda olacaq, ya da "insan səhv edər" deyib yaxasını çəkəcək. Və əsaslandırdığı səbəb isə həqiqət olduğu üçün, təbii hadisə kimi yadda qalacaq.


Səhv olanda isə "insan səhv edər" demək asandır. Bəs öntədbir? öntədbir olaraq nə etmək olardı? Cavabı peşəkarlardadır.


Prinsipial olan odur ki, təşkilatın həmin o amala xidmət edəcək insan ruhlarını bir maqnit kimi özünə çəkməsi lazımdır. Təşkilata ona "aid" olan insan resurslarının axını, meyli, cəlb olunması vacibdir. Xüsusilə də, nəhəng təşkilatlara kadr seçərkən, ölçü meyarlar bacarıq, bilik, istedad filtrlərindən deyil də, ən əsası, amal, ali məqsəd, məna kimi anlayışları diqqətə almalıdır. Bunları isə hər hansı psixoloji test ilə ölçmək indi üçün bəlkə də çətin məsələ kimi görünür. Lakin indilik ölçə bilmədiyimiz halda belə, ehtimalı artırmaq yenə də mümkündür. Məsələn, təşkilatların, adətən, veb-səhifələrində qeyd etdikləri "mission" hissəsi nə işə yarayır? sualına cavab da elə yəqin bu yazı ola bilər.


Xülasə, bir təşkilat üçün kadr və ya potensial kadr yetişdirmək üçün təhsili kimlərə vermək, kimləri yetişdirmək təhsil verməyin, yetişdirməyin özündən daha önəmlidir.

Dəyərli qalın,

Məlahət Hacıyeva

© 2020 by Malahat Hajiyeva.