• Məlahət Hacıyeva

Axı niyə Ziqmund Freyd?

Azərbaycan dilində psixoloji kitab axtarırsınızsa, mağazalarda psixologiyanı

təmsil edən dünyaca tanınmış nümunələrdən demək olar ki, yalnız Freydin

kitablarının tərcüməsini tapacaqsız. Təsəvvür edin, psixologiya üzrə təhsil alan

biri, peşəsi ilə bağlı elmi üslubda kitab axtarırsa, seçimlər arasında, əsasən,

Freyd, Freyd və yenə Freyd var (ana dilimizdə). Niyə bir elmi öyrənərkən ən

fəlsəfi və ya bir başqa nöqteyi nəzərdən spesifik kitablardan başlayaq ki? Bəlkə,

bu oxucu başqa elmi cərəyanların tərəfdarı olacaq, bəlkə (və çox güman) Freydin

fikirlərini başa düşəcək qədər ön bilgisi yoxdur.. Niyə məhz Freyd?

Bütün elmləri öyrənməyə başlayarkən, ilk öncə ümumi, yalnız ardınca spesifik

(və ya konkret) mövzuya fokuslanmaq lazımdır. Elə olmasa idi, əvvəl magistr

təhsili alıb peşəyə yiyələnər, yalnız sonra peşəmiz haqqında ümumi sadə biliklər

üçün bakalavr təhsilinə yönələrdik.


Ümid edirəm, buna görə məni daşlamazlar. Lakin qeyd etməliyəm ki, Z.Freydin

adı bəlkə də ən çox diqqət çəkən "Psixoanalizə giriş" kitabının əsas məğzi cəmi

bir neçə səhifədən ibarətdir.


Kitabda verilən informasiya sadəcə bir ideyanı (nəzəriyyəni) təlqin edir. Və əsas

fikir cəmi bir neçə səhifəni əhatə edir, kitabın qalan bütün hissəsi isə, misallar və

s. üsullarla həmin fikrin təlqininə həsr olunur. Ehtimal edirəm, bu onunla əlaqəlidir

ki, ilk öncə kitab sadəcə Freydin mühazirələrinin toplusudur və bunu nəzərə

alsaq, diqqət etməliyik ki, öz dövründə Freydin ideyaları cəmiyyət və eləcədə

mühazirə oxuduğu auditoriya tərəfindən elə asanlıqla qəbul olunacaq fikirlər

deyildi. Və kitabı oxuduqda hiss olunur ki, cənab Freyd yersiz mühakimə

olunmamaq üçün, fikirlərini çox ehtiyyatla və yavaş-yavaş təlqin etməyə çalışır.

Bu səbəbdən hesab edirəm ki, günümüzdə bu kitabın psixologiya tələbəsi üçün

bestseller olması sadəcə "o önəmli kitabdır" fikrinə inanmalarıdır. Bu dövrdə

həmin ideyalar bu qədər ziddiyyətli qarşılanmadığına görə (xüsusən də

psixologiya üzrə təhsil alanlar tərəfindən), əgər sırf psixoanaliz üzrə

ixtisaslaşmaq niyyətli deyilsinizsə, kitabın sadəcə ideyaları verilən həmin o bir

neçə səhifəni hansısa məqalə formasında oxumağımız yetərlidir.

Yox mütləq ki, 300+ səhifəlik kitab oxuyacaqsınızsa, rus, türk, ingilis dilində

NƏZƏRİ kitablar oxuyun. populyar kitablar cəmiyyətin böyük çoxluğu üçün

nəzərdə tutulur və elmi detalları, dərinlikləri açıqlamır. Buna misal, elə üz

qabıqları dəyişdirilməklə dəfələrlə, müxtəlif ölçülərdə dərc olunan və bestseller

kimi təqdim olunmaqla, elə bestsellerə də çevrilən Allan Piz "Bədən dili" kitabı;

burada verilən informasiya yalan deyil, lakin natamamdır. Məhz buna görə

profesional qəbul olunmaq üçün yetərsizdir, kitabdakı yanaşma üzərindən insan

davranışlarını mühakimə etmək peşəkarca deyildir. Psixoloqlar bu cür kitablar

üzərindən situasiya və ya insan davranışını dəyərləndirməzlər. belə kitabları

maraq üçün oxuduqda nəzərə almalısınız ki, bu sadəcə filmin fraqmanı xarakterlidir, arxasında yatan informasiya daha dərin, sizin üçün isə bəlkə də

daha “cansıxıcı” ola bilər.

...

Nə etməli?

Əgər psixologiya ilə yaxından maraqlanırsınızsa, nə qədər xoşagəlməz səslənsə

də, xarici dil bilməyiniz ən mühüm şərtlərdəndir. Psixologiya Azərbaycan dilində

yaranmadığı kimi, Azərbaycan dilində də inkişaf etmir. Biz bu elmə uzaqdan

başlamış, və uzaqda da qalmışıq. Hətta başlayanda nisbətən daha yaxın idik,

çünki SSR tərkibində əhalinin çoxu rusca bilirdi. Yeni nəsil, rusca az bildiyi kimi,

əvəzində başqa dili də elmi məqsədlər üçün istifadə etmədə yetərsizdir. Bunu

bildirməyi özümə borc bilirəm, çünki dil bilmədiyimiz halda, ölkəmizdə bu elmə

son qoyan nəsil elə biz ola bilərik.


Xarici dildə, ensiklopediya və ya psixologiya üzrə ümumi xarakterli olan nəzəri

kitablarla başlamaq lazımdır. Sizə maraqlı olan sahə və ya istiqaməti belə daha

tez müəyyən edəcəksiniz və yalnız bundan sonra ağır, dərin, klassik və ya

müasir olan Z.Freyd və bənzər sıradan olan kitabları oxumanız ən məhsuldar

olan üsuldur. Əks təqdirdə, gərək ki, psixologiyanın hər sahəsini, hər detalını

dərindən öyrənəsiniz, bu isə zənn etdiyiniz qədər kiçik sahə deyil ki, bir neçə

kitab oxumaqla istədiyinizi əldə edəsiniz. Odur ki, “ümumidən xüsusiyə” prinsipi

üzrə xarici dilli mənbələrdən yararlanmanız ən faydalı variantdır.

© 2020 by Malahat Hajiyeva.