• Məlahət Hacıyeva

Rus dili bölməsi

Rus dili bölməsi deyərkən, ilk ağlıma gələn həmişə nədənsə, Elina Hacıyevadır. Vəfatından sonra səslənən fərqli fikirlər arasında rus bölməsi ilə əxlaq, milli mentalitet anlayışlarının müqayisəsi çox çirkin səslənirdi. Rus dili bölməsinin varlığı məsələsindəki fikirlərimə məktəblərimizdə bir daha əsla belə halların olmayacağını arzu edərək, və bugünədək təsirindən çıxa bilmədiyim(iz) o hadisənin səbəbkarı qarşısında utancımı, üərkağrım(ız)ı, həmçinin Elina və onun timsalındakı heç kəsi unutdurmayacağımızı ifadə edərək başlamaq istəyirəm. Məktəblərdə cinsindən, dilindən, mənsubiyyətindən, dinindən, irqindən və hər hansı xüsusiyyətindən asılı olmadan, bullinq iqnoredilməz, dözülməz olmalıdır.

“Rus dili bölmələri bağlansınmı?” kimi günümüzdə çox insandan eşidib-gördüyüm, bir çoxları üçün “mübahisəli” kimi görünən məsələdə fikir və müşahidələrimi bir araya toplayıb paylaşmağı borc bildim. Aşağıdakı yazıda fikirlərimi əsaslandırmağa çalışmışam.

İlk başdan qeyd etməkdə fayda var ki, mən ölkəmizdə bunca rus dilli dövlət məktəbləri olması halı ilə razı deyiləm. Rusdilli təhsil Azərbaycan Dövlətinin dövlətçilik marağında olmamalıdır, deyə inanıram. Fikrim bəlkə bəzilərinizə dar təəssürat bağışlasa belə, icazə verin, bunu sıradakı arqumentlərimlə əsaslandırmağa çalışım.

“Rus bölməsində təhsil Azərbaycan bölməsindən daha yaxşıdır” iddiası mövcuddur. Belə olan halda, ilk olaraq, məndə bu cür sual yaranır: Əgər doğrudan da yaxşıdırsa, xeyir ola, niyə yaxşıdır? Niyə Dövlət olaraq rus dilli məktəbdə təhsili yaxşı, Azərbaycan dilli məktəbdə daha zəif təşkil edirik? Bu halda Dövlət maraqlarımıza zidd davranmırıqmı ki? Əgər yanlış anlayıramsa, mənə əsaslandıraraq izah edin, lütfən.

Bir digər inandığım məqam odur ki, rus dili bölməsi azərbaycanlı yetişdirə bilməz. Bəlkə də yanılıram, lakin icazənizlə, inancımı aşağıdakı açıqlama ilə əsaslandırım. Belə ki, rus dilli bölmələrdə bir azərbaycanlı üçün uğurlu, doğru təhsil verildiyinə inanmaqda çətinlik çəkirəm. Əvvəla, mədəniyyət faktoru var. Məsələn, əlbət ki, Azərbaycan dili bölməsində oxuduğumuzdan dolayı biz, Dostoyevski, Tolstoy, Puşkin haqqında az qala adlarından başqa heç nə bilmirdik. Lakin rus bölməsində oxuyanda da "Aldanmış Kəvakib"-i (M.F.Axundov) təhrifli tərcümə ilə oxumaq ayıbdan savayı, bir insanı öz mədəniyyətindən uzaqlaşdırmaqdır. İçində olduğun mədəniyyəti, əhatəsində yaşadığın insanların təbiətini, düşüncə tərzini dolayı yoldan, başqa dil vasitəsi ilə, məsafəli öyrənmək, anlaya bilməməkdir. Sanki sənə aid deyilmiş kimi öyrənməkdir. Dil faktoru bir mədəniyyəti anlamaq üçün çox güclü vasitədir. Bir kəs öz mədəniyyətini başqa dildə öyrənirsə, necə deyərlər, it də gedi, ip də. Bir başqa sözlə, nə ondansan, nə bundan. Öz mədəniyyətini başqa dildə öyrənmək öz insanına sanki sənə aid deyilmiş kimi baxmağa vadar edir. Ona görə yox ki, özünü üstün hesab edə, yaxud öz insanını sevməyə bilər. Məhz ona görə ki, bu mədəniyyəti məhz anlamaqda və nəticə etibarilə, bu cəmiyyətə nüfuz etməkdə çətinlik çəkə, aidiyyət, mənsubiyyət hissi yaşamasına əngəl törədə bilər. Əminəm ki, bu yazdıqlarım ilk olaraq mənim ağlıma gələn fikirlər deyildir. Lakin, zənnimcə, fikir ifadə edildikcə eşidilər.

Azərbaycan bölməsində təhsil zəifdir kimi düşünərək, rus dili bölməsinin varlığını “daha yaxşı təhsil və imkanlar verir” deyə dəstəkləmək istəyi ilə razı deyiləm. Burada iki məqamı ayrılıqda diqqətinizə çatdırmaq istəyirəm: təhsil və imkanlar.


  • Rus dilli təhsilin nə dərəcədə yüksək olmasını ölçmək üçün biliyimi yetərli hesab etmirəm. Buna rəğmən, şəklə bütöv baxmağın mümkün olduğunu hesab edirəm. Belə ki, rus dilli təhsilin Ana Vətəni olan Rusiyanın təhsilinə diqqət edək. Rusiya kimi nəhəng dövlətin təhsili hansı dünyəvi müstəvidə nümunə göstərilir? Yüksək olsaydı, nümunə göstərilər, elmi yenilik, nailiyyətlərdə ABŞ, BB, Çin kimi ölkələrin adları ilə yanaşı “rusiyalı alimlər”, “rus elminin qatqısı” və s. kimi bəlkə də banal misal çəkdiyim ifadələrə qulağımız alışıq olardı. Nə qədər cəlbedicidir Rusiya dünyanın elm və təhsil almaq istəyən auditoriyasına? Rusiya kimi bir dövlət müasir dövrün şərtlərinə rəğmən, hansı yüksək təhsili verə bilir öz cəmiyyətinə? Əlbəttə, Rusiya təhsilini tamamilə faydasız hesab etmək də ədalətsiz olardı. Bununla belə, qədərindən artıq qiymət verilməsini haqq etmir deyə, hesab edirəm.


  • İmkanlar məqamına gəldikdə, Coğrafiya, Biologiya, Riyzaiyyat və s. fənnləri məhz rus dilində öyrənmək hansı imkanları verə bilər bir şagirdə? Biologiyaya müasir elmi qatqılar hansı elm mərkəzlərinin sayəsində, hansı dildə baş verir? Çox yaxşı həkim olmaq üçün rusca bilib Sovet elmi nailiyyətləri ilə yetinmək, yoxsa almanca, yaxud ingiliscə bilib müasir tibbi öyrənib tətbiq etmək faydalı olardı? Onsuzda müasir elmi nailiyyətlər, qlobal dəyişikliklərə səbəb olan kəşflər, yaxın gələcəyin yeni zəruri peşələrinin yaranmasına səbəb olan sənaye mərkəzləri heç də Rusiya olmayıb, Qərb, yaxud Yaponiya kimi misallar deyilmi? Əgər dünyaya açılmaq, nəhəng imkanlar əldə etmək istəyiriksə, niyə məktəblərimizdə müasir elmin inkişaf etdiyi ölkələrin, yaxud dilinə tələbat yaranan ölkələrin dili tədris olunmur? Alman, yapon, Koreya, ingilis dili rus dilindən azmı əhəmiyyətlidir 2020-ci ildə? Aydındır ki, rus dilini ən az 11 il məişət dilimizə çevirmək heç də yeni imkanlar demək deyil.


Düşmənin dili. Bir digər insanlar isə “düşmənin dili” arqumentini əsas gətirərək, rus dilli məktəblərin var olmasının doğruluğuna inanır. Mən düşməni tanımaqdan yanayam. Lakin şərt deyil, ölkənin bütün şagirdləri düşmən(lər)in dilini öyrənsin və ana dili kimi bilsin. Və əgər düşmənini tanımaq yaxşıdırsa, Harda qaldı Ermənistan? Yaxud məgər İran bizə dostdur? Əgər sualım dözülməz səslənirsə, ilk başdan üzr istəyirəm. lakin “düşmənin dilini bilmək lazımdır” məntiqilə yanaşarsaq, soruşmağa cürət etməliyəm: O zaman niyə fars və ya erməni bölmələri yoxdur ölkəmizdə? Zənn edirəm ki, eynilə bu 2 misal kimi, rus dili bölmələri də bunca qiymətə minməməlidir ölkəmiz ərazisində. Üstəlik rəsmi olaraq, Rusiya ilə düşmən deyilik. Hər rəsmi çıxış və görüşlərdə “dostluq və strateji tərəfdaşlıq” ifadəsini eşitməkdən, görünür, hələ yorulmamışıq.


Doğrusu necədir bəs?


Xırdalıqlarına qədər detallı cavab vermək mənim üçün mümkün deyil. Bu yenə də ixtisaslaşdığım sahənin təşkilat psixologiyası ilə məhdudlaşmasından irəli gəlir. Buna rəğmən, əminliklə inanıram ki, təhsil qeyd-şərtsiz dövlət dilində tədris edilməlidir. Xüsusilə də dövlət məktəblərində. Bununla yanaşı, məktəblərdə fərqli dillər tədris olunmalıdır. Bu fərqli dillər listinə isə hansı dil seçimlərinin daxil olmasına qərar vermək üçün aidiyyatı mütəxəssislərinin rəyi mütləqdir.


Mənim təsəvvürümcə isə, məktəblər ana dilində tədris verməklə yanaşı, əlavədən 1 və ya 2 xarici dil tədris etməlidir. Xarici dil tədrisinə xüsusilə bakalavr təhsili boyunca diqqət edilməsi mənim məntiqimə daha uyğundur. Misal üçün, abituriyent psixoloq olmaq istəyirsə, psixologiyanın elmi ədəbiyyatı əlbət ki, Azərbaycan dilində çox məhdud saydadır. Psixologiya günümüzdə hansı ölkə(lər)də inkişaf edirsə, mütləq ki, o dil tədris proqramında olmalıdır. Bəlkə də bu misalımda təhrifə yol verəcəm, lakin şərti olaraq deyək ki, klinik psixologiya Almaniyada, Təşkilat psixologiyası ABŞ-da daha yaxşı inkişaf edirsə, klinik psixologiya oxuyan tələbəyə almanca, digərinə ingiliscə akademik dil öyrədilməsi çox önəmli olacaqdır. Bu, xarici ədəbiyyatın hər gün yayımlanan yeni tezis, elmi iş, məqalələrini tərcümə etmək üçün mütəxəssislərə büdcə ayırmaqdan daha ucuz olacaqdır. Və bu ixtisasa yiyələnən azərbaycanlı bakalavrlarımız elə özləri gələcəkdə önəmli elmi materialların ana dilimizə orijinaldan tərcüməsi üçün kadr olaraq yetişəcəklər.


Fikir və yanaşmamı oxuduğunuz, qiymətli vaxtınızdan ayırdığınız, ən əsası mühakimə etməzdən öncə düşündüyünüz üçün minnətdaram. Ümid edirəm, baxış bucağınızı genişlətmək, yaxud həm də sizə aid olan fikirləri paylaşaraq önə çıxarmaqda payım olmuşdur.


Dəyərli qalın,

Məlahət Hacıyeva


© 2020 by Malahat Hajiyeva.